Ankaranın Keçiörən rayonunda Türkiyədə akkreditasiya olunan bir sıra ölkələrin səfirliklərinin iştirakı ilə möhtəşəm Novruz bayramı şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Şimali Kipr tərəfləri Novruz şənliyi məkanında mili pavilyon qurublar.
Azərbaycan şənlikdə milli mətbəx, musiqi kompozisiyası və milli rəqs qrupu ilə təmsil olunub. Milli mətbəximizin ləziz təamları, musiqiçilərimizin ifası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
İştirakçılar qarşısında çıxış edən Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok deyib ki, birlik, həmrəylik, ruzi-bərəkət rəmzi olan Novruz türk-müsəlman dünyasının ən qədim və sevilən bayramı kimi tarixlərə işıq saçır.